“Çox böyük ehtimalla, 2025-ci ildən pensiyalar 8% artacaq”.
İqtisadiyyat.az xəbər verir ki, bunu ARB-nin efirində yayımlanan "Günə doğru" verilişində iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, pensiyaların artımı fərqli mexanizm formasında ortaya çıxır. İqtisadçı pensiya artımında vahid indeksasiya metoduna keçildiyini xatırladıb: “Bunun da konkret qaydaları var. Bu ondan ibarətdir ki, 2024-cü il ərzində orta aylıq əmək haqqı nə qədər artacaqsa, 2025-ci ilin yanvar ayının 1-dən qanunvericiliyin tələbinə uyğun olaraq pensiyaların məbləği həmin faiz qədər artırılacaq. İndiki göstəriciləri biz nəzərə almış olsaq, bu, təxminən 8% ətrafındadır. Yəni çox böyük ehtimalla, 2025-ci ildən pensiyalar 8% artacaq. Xatırlayırsınızsa, 2021-ci ildə hər pensiyaçıya rüblük 50 manat əlavə artım edilmişdi. Lakin indiki şərtlər daxilində əlavə hər hansı bir xüsusi artımın olacağını gözləmirəm”.
R.Həsənov söyləyib ki, əməkhaqlarına münasibətdə isə mexanizm tamamilə fərqlidir: “Belə ki, burada hökumət sadəcə könüllü şəkildə prosesə müdaxilə edə və qərarlar qəbul edə bilər. Hökumətin qərar qəbul edəcəyi əsas sahə iki istiqamətlidir. Əsas məsələ minimum əməkhaqqının artırılmasıdır. Bu həm dövlət, həm də özəl sektor üçün keçərlidir. 2023-cü ildə də minimum əmək haqqının artırılmadığını və inflyasiyanın 8,8% olduğunu nəzərə almış olsaq, 2024-cü ildə bu göstəricinin 2%-ə çatması ehtimalı var idi. Bu şərtlər daxilində minimum əmək haqqının 15-20% arasında artırılacağını və yaxud da yuvarlaqlaşdırsaq, 400-420 manata çatdırılacağını gözləyirik. Hazırda minimum əmək haqqı 345 manatdır. Real şərtlər daxilində Azərbaycanda minimum əmək haqqı hesablamalarımıza görə 600-650 manat ətrafında olmalıdır. Amma hazırda büdcənin xərc yükü artıb. Bu gün, demək olar ki, hər 4 manatdan 1-i işğaldan azad olunmuş ərazilərimizə ayrılır. Bu şərtləri nəzərə almış olsaq, hökumət əlahiddə bir artıma getməyəcək, çalışacaq ki mümkün qədər istehlak səbətində yaranan qiymət təzyiqlərini neytrallaşdırsın. Bu da dediyimiz kimi, minimum əmək haqqının 400-420 manata çatması ilə kifayətlənəcək”.
Sadiq Cavadov