Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq kirayə bazarında canlanma yaranıb. Belə ki, tələbələrin axını paytaxtda kirayə mənzilə tələbatı artırıb və nəticədə qiymətlər artıb. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əvvəlki illərdən fərqli olaraq bu il təkcə mövsümi bahalaşma prosesi getmir.

Onun sözlərinə görə, nəinki qiymətlər azalıb, hər il olduğu kimi bu il də bölgələrdən tələbə adını qazananların Bakıya axın etməsi paytaxtın kirayə mənzil bazarında qiymətləri artırıb.

Mütəxəssis deyib ki, kirayə mənzil bazarında bahalaşmada bu amilin böyük rolu var: “İqtisadiyyatın qızıl qaydasıdır ki, tələbat artırsa, qiymətlər də yüksəlir. Bu il kirayə evlərin qiymətinin bahalaşmasına təsir göstərən başqa amillər də var. Bunlardan birincisi, Azərbaycanın gündən-günə böyüyən iqtisadiyyatıdır. Digəri isə Azərbaycanın investisiya cazibədarlığının artması və buna uyğun olaraq xarici vətəndaşların ölkəmizdə daşınmaz əmlaka xüsusi maraqla yanaşamasıdır. Eyni zamanda Bakıda və 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azad edilməsindən sonra həmin rayonlarda bərpa-quruculuq işləri getdiyinə görə müxtəlif şirkətlər ölkəmizə axın edir və bu da kirayə mənzil bazarında da qiymətlərin artmasına təsir göstərir”.

V.Oruc kirayə mənzil bazarında bahalaşmaya təsir göstərən digər amilləri də sadalayıb: “Rusiya-Ukrayna müharibəsi nəticəsində soydaşlarımız Bakıya axın etdi. Özləri ilə birgə onlar bizneslərini də buraya transfer etdilər. Bu bizneslər daha çox daşınmaz əmlaka yönəlik bizneslərə çevrildi. Yəni daşınmaz əmlak daha cəlbedici və az riskli olduğuna görə daşınmaz əmlak alqısı, kirayəsi, təmiri istiqamətində addımlar atıldı. Vəndaşlarımız, öz yerli sahibkarlarımız da düşünürlər ki, banklardan daha çox dayanıqlı və stabil gəlir verən, az riskli olan məhz daşınmaz əmlak obyektləridir. O baxımdan bu istiqamətdə də qərarlar bazarda qiymətin artımına səbəb oldu”.

Sədr həmçinin söyləyib ki, ölkə iqtisadiyyatının böyüməsi nəticəsində hər il bütün milli valyutalarda və onların alıcılıq qabiliyyətində dəyişikliklər baş verir: “Məsələn, dünən vətəndaşımız bir otaqlı evini 500 manata kirayə vermək istəyirdisə, indi fikirləşir ki, həmin məvacibi aldıqdan sonra onu müvafiq təyinatlar üzrə xərclədikdə bu ona yetərli olmayacaq. Buna görə də 500-ə yox, 700-ə təklif edir. Bu da təbii ki, manatın alıcılıq qabiliyyətinə və eyni zamanda bütün istiqamətlər üzrə qiymətlərin artımına görə atılmış addımdır. Nəqliyyat xərclərinin artması, benzin və dizel yanacaqlarının bahalaşması, tikinti materiallarının qiymətinin artması – bütün bunlar ölkə iqtisadiyyatının böyüməsi deməkdir. Bu artımlar nəticədə daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.

“Bazar iqtisadiyyatı şəraitində yaşayırıq, dövlət burada hər hansı bir müdaxilə edə bilməz. Bazar özü özünü tənzimləyir. Ona görə də yalnız iqtisadi inkişafın hərtərəfli qaydada təmin olunması və eyni zamanda alternativ rıçaqların, variantların dövlət tərəfindən sosial layihələrlə təmin olunması həyata keçirilərsə, təbii ki, qiymətlərin daha da çox bahalaşmasının bu və ya digər formada qarşısı alına bilər. Bütün variantlarda artım və dinamika gözlənilir. Heç cür qiymətlərin geriyə dönüşünü gözləmək olmaz. Çünki ölkəmiz inkişaf etməkdədir. Əgər hər hansı bir fors-major hadisə baş verməzsə, qiymətlərin ucuzlaşması mümkün deyil”, - V.Oruc əlavə edib.

 

Sadiq Cavadov