Daxil olan müraciət əsasında Lənkəran rayonu, Kənarmeşə kəndində fiziki şəxs Həsənova Elnurə Xanbaba qızına məxsus “Yeddi bulaq” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən İqtisadiyyat.az-a bildirilib ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin müəssisədə baytarlıq arayışı olmayan toyuq məhsulları, istifadə müddəti bitmiş göbələk sousu və şirinləşdirilmiş içkilər aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.