Azərbaycanda haqsız rəqabətə və inhisarçılığa qarşı dövlət tərəfindən vahid siyasət yürüdülür. Bu istiqamətdə həyata keçirilmiş tədbirlərə misal olaraq, bir müddət əvvəl qüvvəyə minən “Rəqabət Məcəlləsi”ni göstərə bilərik. Məcəllə haqsız rəqabət və inhisarçılıqla mübarizədə çox əhəmiyyətli sənəddir. 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə eyni zamanda ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaratmaqdadır. Görünən odur ki, qaydaların qəbulundan sonra bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biridir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması da məhz bunun bariz nümunəsidir. Dövlət başçısının fərmanı ilə yaradılan Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyətini davam etdirir. Bütün bunlara riayət isə həm sağlam biznes mühitinin formalaşmasına, həm ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının daha da gücləndirilməsinə təkan verəcək. Beləliklə, Agentliyin bu istiqamətdə nəzarət mexanizmi dövlət üçün olduqca əhəmiyyətlidir.

İqtisadçı-ekspert Eldəniz Əmirov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda rəqabət mühitinin formalaşdırılması üçün hüquqi bazanın təkmilləşdirilməsi və eyni zamanda təkmilləşdirilmiş hüquqi bazanın icra prosesinə nəzarətin həyata keçirilməsi ilə bağlı bir çox ciddi məsələlər vardır.

Onun sözlərinə görə, bu, bimənalı olaraq yeni yaradılan Dövlət Agentliyinin mandatına daxil olan işlərdir. İqtisadçı bildirib ki, buna görə də bu qurumun ölkədə rəqabət mühitinin formalaşdırılmasında rolu çox böyükdür:

“Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra bu məcəllədə rəqabət orqanı deyilən bir qurum formalaşdırıldı. Bu qurum Rəqabət Məcəlləsinin icrasına bu və ya digər formada cavabdehdir və eyni zamanda prosesin uğurla həyata keçməsinə məsuldur. Sözügedən məsələləri qurum olaraq indiyə qədər məhz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Bu nəzarəti Dövlət Xidmətinin əsasında yaradılan Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi davam etdirəcək”.

“Bu qurumun İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxararaq müstəqil dövlət orqanı kimi yaradılması tamamilə doğru bir yanaşmadır. Çünki ölkədə rəqabət mühitini hansı qurum qoruyacaqsa, o qurum təkcə rəqabəti pozan inhisarçılarla, iri sahibkarlarla mübarizə aparmayacaq, o həm də ayrı-ayrı dövlət qurumlarının rəqabəti pozan davranışlarına qarşı dayanmalıdır. Ona görə də bu, güclü bir qurum olmalı və ciddi səlahiyyət sahibinə malik olmalıdır”, - E. Əmirov bildirib.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yeni qəbul olunan Rəqabət Məcəlləsinin təsirləri bir müddət sonra mexanizmin tam gücü ilə işlədiyi zaman daha aydın müşahidə olunacaq:

“Bilirsiniz ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Bu, onu deməyə əsas verir ki, artıq ölkədə şəffaf rəqabət mühitin formalaşması bilavasitə cənab Prezidentin nəzarətindədir. Belə ki, qurumun mərkəzi icra hakimiyyəti orqanı kimi müstəqil fəaliyyət göstərməsi ona daha böyük səlahiyyətlər və imkanlar verir və asılılığı ortadan azaldır. Hesab edirəm ki, Dövlət Agentliyi ölkədə həm təbii inhisarçılıq, həm də dövlət müəssisələrinə olan inhisarçılıqla bağlı məsələlərdə ciddi mübarizə aparmalıdır. Çünki biz inhisarçılığı iqtisadiyyatın bir çox istiqamətində hiss edirik. Bəzi şirkətlərin bazar payı həddindən artıq böyükdür və böyüməkdə davam edir. Bu isə digər sahibkarlıq subyektlərinin fəaliyyətinə artıq ciddi maneçilik törədir. Bu gün ölkəmizdə şəffaf rəqabət mühitinin formalaşması iqtisadi inkişafın əsasını təşkil etməlidir. Sözsüz ki, şəffaf rəqabət mühiti qiymətlərin tənzmimlənməsində, süni qiymət artımına qarşı mübarizədə əsaslı təsiredici alətlərdən biridir”.

 

Sadiq Cavadov