Məncə yerli avtomobillər hələki özünü doğrultmayıb. Yerli markalardan biri bir müddət istehsal olundu və fəaliyyəti dayandırıldı. Böyük ehtimalla səbəbi satışın olmaması idi. Bundan sonra “Azərmaş” şirkəti tərəfindən İran maşınları istehsal olunmağa başladı. Onun da uğurlu olub-olmayacağını görəcəyik. Bu yaxınlarda Neftçalada “QAZ” şirkətinin “Qazel” avtomobilləri istehsal olunmağa başlayacaq. Onlar da kiçik yük avtomobilləridir. Görək o da uğurlu olacaq yoxsa yox. Ümumiyyətlə Azərbaycanda nisbətən ucuz başa gələn avtomobillərə ehtiyac var. Xüsusən də rayonlar üçün. Hesab edirəm ki, əsas tələb pikap və kiçik yük avtomobillərinə ola bilər. Brend markalarla rəqabət olmayacaq. Əsas rəqabət qiymət baxımından olacaq. Daha ucuz qiymətə satmaq mümkün olacaqsa, rus və Çin avtomobilləri ilə rəqabət aparacaqlar. Texniki baxıma gəldikdə isə bizdə istehsalat dərindən getmir. Mühərrik yaxud hər hansı detal yığılmır, idxal olunur və burda yığılır. Yəni, heç bir dərin istehsaldan söhbət getmir. Texniki baxımdan ya İran maşını olacaq, ya da “Qazel” avtomobili olacaq. Həmin avtomobillərin texniki sazlığı barədə hələlik nə isə demək mümkün deyil. Çünki məsələn, “Xəzər” avtomobili 3-4 aydır də istehsal olunub. Maşınların təzə olduğu vaxtda problem olmur. Əsas problemlər uzun məsafələr qət etdikdən sonra ortaya çıxa bilər.

İqtisadçı ekspert Məhəmməd Talıblı mövzu ilə əlaqədar saytımıza öz münasibətin bildirdi. O, avtomobil sənayesində uğur qazanılacağına çox da inanmayaraq, ona yatırılan investisiyanın kənd təsərrüfatına yönləndirilməsinin tərəfdarı olduğunu deyib.

“Mən buna qətiyyən inana bilmərəm. Bir neçə səbəbdən bu mümkün ola bilməz. Bu sahədə illər uzunu yox, əsrlərlə gələn Ford kimi 1,5 əsrlik yaşı olan onlarla şirkətlər var. Bu bazarda rəqabət imkanımız yoxdur. İkincisi, çağdaş dünyada artıq bu şirkətlərin özlərinin rəqabət imkanları çətinləşib. Onlar istehsal oriyentasiyalarını dəyişməyə məhkumdurlar. Benzin istifadəçisi olan avtomobillər elektrik enerjisi ilə sürətlə əvəzlənir. Üçüncüsü, bizim bu sahədə brendimiz yoxdur. Markanın tanıtımı yoxdur. Bizim istehlakçılarımız heç yerli istehsalı olunan avtomobillərin qiymətindən və rahatlığından razı deyil. Qaldı ki, xarici ölkə vətəndaşlarına. İranın Peykan avtomobilləri heç region bazarlarında işləmir. Gəl ki, Azərbaycanla birgə müəssisə formasında MDB bazarına çıxa.  Azərbaycanın bu seqment üzrə uğur imkanların görmürəm. Amma həmin invetisiyalar aqrar sektora yönəlsə, yaxın illərdə çox böyük ixracat potensialı formalaşa bilər. Çünki, kənd təsərrüfatı məhsulları və bəzi sənaye məhsulları üzrə klasterləşmə siyasətinin perspektivi var. Bizim iqtisadi siyasətin bir bəlası var: işə başlayıb sonra hansısa qərara gəlirlər. Halbuki, qərar verib, işə başlamaq lazım idi. Bu konteksdən çıxış edərək, sual olunsa ki, bizim hansı elmi-tədqiqat insitutu, beyin mərkəzləri və ekspert qrupu hansı araşdırmaları nəticəsində bu qərara gəliblər ki, orta və uzunmüdətli dövrdə avtomobil sənayesinin perspektivi var, onda düşünücəklər. Biz ixracatımızın bir neçə mal pozisyaları üzərində durması siyasətini müəyyən etməliyik. Çiy qərarlar və səthi mülahizələrlə yox, düşünülmüş investisiya və xarici ticarət siyasəti vasitəsilə bunu müəyyənləşdirməliyik.”

Mehman Nəbiyev