Azərbaycanda “yaşıl iqtisadiyyat” ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri arasında əlaqə müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu, “Bakı KOB evi”ndə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda keçirilən Konfrans çərçivəsində baş tutub.

Çıxışçılar ESG-nin biznes subyektləri də daxil olmaqla, ümumilikdə əhali üçün faydası, bu prinsiplərin tətbiqi sahəsində görülən işlər, ESG-nin əsas elementlərindən olan ekologiya və sosial sahələrdə görülən tədbirlər və özəl sektorla əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Tədbirdə həmçinin uğurlu “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində özəl sektorun gözləntiləri və təşəbbüskarlığı, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələləri, dövlət şirkətlərində ESG təşəbbüslərinə dair təqdimatlar keçirilib, fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, ESG yanaşmasının əsas istiqamətlərindən biri ətraf mühit məsələləri ilə bağlıdır. ESG prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a transformasiya prosesinə əhəmiyyətli töhfə vermək imkanına malikdir. 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkədə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol Xəritəsinin icrası çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyət təhlil edilib, beynəlxalq təcrübə öyrənilib, sorğu keçirilib.