Maşın yağlarının satışı ilə məşğul olan “Vikson Az Servis” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Məlumat üçün bildirək ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Vikson Az Servis” MMC 18.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Məşədi Hilal Kazımov, ev 40-da yerləşir. Şirkət xaricdən mühərrik yağlarının idxalı ilə məşğuldur.