“AzEl estetik klinika” MMC-nin kosmetoloji xidmətlər göstərən rəhbəri Ülviyyə İlyasovanın barəsində cinayət işi başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, Suraxanı Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. İş hakim Ünsüyyət Mirzəyevanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, mətbuatda yayılmış məlumata görə, kosmetoloq Ülviyyə İlyasova bu ilin aprelin 15-də qaynı arvadı, 1984-cü il təvəllüdlü Səbirə Fərhad qızı Vəliyevaya liposaksiya edib. Əməliyyatdan sonra qadının vəziyyəti pisləşib və sonra o, vəfat edib.

Xatırladaq ki, “AzEl estetik klinika” MMC bu ilin fevral ayında dövlət qeydiyyatına alınıb. Klinikanın qanuni təmsilçisi İlyasova Ülviyyə Hüseynağa qızıdır.