Belçikanın qlobal tikinti avadanlıqları şirkəti olan “Sarens Azerbaijan” MMC gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, “Sarens Azərbaycan” şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. “Sarens” 60 ildən çoxdur ağır kran, lift və digər qurğuların satışı ilə məşğuldur.