Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.

Bankın faiz dərəcəsini 19%-də saxlayacağı gözlənilir. Bir əvvəlki toplantıda da Türkiyə Mərkəzi Bankı faiini dəyişməz saxlamışdı.

Türkiyə Mərkəzi Bankının may ayı proqnozlar sorğusuna görə, 2021-ci ilin sonu üçün dollar/TL məzənnəsi üzrə proqnoz 8,71-ə yüksəlib. Bu rəqəm apreldə 8,57 səviyyəsində idi.

Cari il sonu üçün istehlakçı inflyasiyası proqnozu bir əvvəlki sorğuda 13,12% ikən, may ayı sorğusunda 13,81% olub. 12 ay sonra üçün inflyasiya proqnozu isə 11,26%-dən 11,81%-ə yüksəlib.

Beynəlxalq Maliyyə İnstitutu (IIF), dollar/TL üçün ədalətli dəyər proqnozunu 7,5-dən 9,5-ə yüksəldib. Bu proqnoza səbəb olaraq Türkiyənin cari kəsirinin artmasını göstərib.

Ekspertlər bildirirlər ki, inflyasiya yüksəlməyə davam edərsə Mərkəzi Bankın faizi sabit saxlaması bazarın qəbul edəcəyi bir variant olmayacaq. Əgər inflyasiya daha da yüksələrsə Mərkəzi Bank faiz artıra bilər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görə, faiz səbəb, inflyasiya nəticədir. Onun sözlərinə görə, faizlər yüksəldikdə inflyasiya artır. Ərdoğanın nəzəriyyəsinə görə, Türkiyədə inflyasiyanın artdığı hazırkı vəziyyətdə Mərkəzi Bank faiz endirməlidir. Mütəxəssislər bu yanaşmanın səhv olduğunu qeyd edərək, "inflyasiyanın səbəb, faizin nəticə" olduğunu bildirirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 Martda sərt pul siyasəti mənimsəmiş Mərkəzi Bankın sədrini gözlənilməz bir şəkildə vəzifədən azad etməsi Türk Lirəsinin 13% dəyərdən düşməsinə səbəb olmuşdu.

Hazırda Dollar/TL məzənnəsi 8.33 səviyyələrindədir.

FEVRALDA 12 AYLIQ CARİ KƏSİR  37,8 MİLYARD DOLLAR OLUB

2019-da 6,8 milyard dollar cari profisit verən Türkiyə iqtisadiyyatı, 2020-də 36,7 milyard dollar cari kəsir vermişdir.

2020-nin ilk iki ayında 3,4 milyard dollar olan cari kəsir, 2021-nin ilk iki ayında əmtəə qiymətlərindəki artımın və kreditlərdə artımın da təsirilə 4,4 milyard dollara yüksəlib. 

Fevralda 12 aylıq cari kəsir 37,8 milyard dollar olub.

2020-nin ardından 2021-də də epidemiyaya bağlı olaraq turizmdə gözlənilən gəlirin əldə edilə bilməmə təhlükəsi var.