"Trendyol" Körfəz ölkələrinin bazarında fəaliyyət göstərəcək.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə "Trendyol" şirkətlər qrupunun prezidenti Çağlayan Çetin məlumat verib.

Onun sözlərinə görə, şirkətin gələcək planlarında yerli istehsalın artırılması və Türkiyənin potensialının dünya ölkələrinə çatdırılmasından ibarətdir:

"Texnologiyamız və marketinq gücümüzdən istifadə edərək, Körfəz ölkələrində türk məhsullarına marağı daha da artırmaq üçün daha effektiv addımlar atmaq niyyətindəyik. Dubayda qısa müddət ərzində ən populyar elektron ticarət tətbiqi siyahısında birinci yeri tutduq. Ərəb dilini inkişaf etdirdikdən sonra Səudiyyə Ərəbistanında da eyni uğuru qazanacağımızı düşünürük. Baxmayaraq ki, heç bir marketinq fəaliyyəti həyata keçirməmişik. 2024-cü ilə qədər bu bölgədə 4,5 milyon müştəriyə çatmağı hədəfləyirik. Dubayda beynəlxalq əməliyyatlarımız üçün açdığımız anbarımız var. Bu anbardan Körfəz bölgəsinin geri qaytarma əməliyyatları üçün də istifadə etməyi hədəfləyirik. Deyə bilərəm ki, Körfəz əməliyyatı bizi yeni coğrafiya, fərqli mədəniyyət və təcrübələrlə həyəcanlandırır".

Türkiyədəki işçilərin hamısının türk olduğunu qeyd edən Çətin vurğulayıb ki, "Trendyol" xarici ölkədə fəaliyyət göstərən filiallarında əcnəbilərlə əməkdaşlığa da üstünlük verir:

"Almaniyada 45 fərqli ölkədən işçilər var. Yaxın Şərqdə də oxşar vəziyyəti gözləyirik. Almaniya əməliyyatlarımıza Türkiyədən 100 mühəndis təyin etmişik. Hazırda Türkiyədən olan dostlar Yaxın Şərq və Azərbaycandakı bütün əməliyyatlarımızı inkişaf etdirirlər. Azərbaycan bazarına may ayında girmişik və bu ölkədə ciddi potensial görürük. Azərbaycanda Türkiyə və türk məhsullarına böyük maraq var".

Gülşən Şərif