Azərbaycan bir çox genişmiqyaslı tribunalarda həm siyasi, həm iqtisadi, həm də ki, hərbi gücünü təqdim etdi. Qalib dövlət xarici siyasi xətti ilə yanaşı, ölkə daxilində sosial rifahı da yüksək səviyyədə qoruyub, saxladı.    

 İkinci Qarabağ savaşından sonra şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi olaraq Sabunçu rayonu Ramana qəsəbəsində doqquzmərtəbəli 30 bina kompleksinin inşa edilməsini göstərmək olar. Ümumilikdə 1512 mənzildən ibarət kompleks yaşayış üçün mühüm olan bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə 1200 yerlik məktəb, uşaq bağçası, klub-icma mərkəzi və digər ictimai iaşə obyektləri inşa olunub. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən cari ilin yanvar ayında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.

 Tikinti-quruculuq işləri sürətlə və yüksək məsuliyyətlə həyata keçirilir. Yeni salınan şəhərcikdə binalar müasir səviyyədə tam təchiz edilib, yaşayış üçün bütün imkanlar yaradılıb. Müharibədən qısa zaman keçməsinə baxmayaraq şəhərcik tələb olunan vaxtda təqdim edilib.

Həmçinin, ehtiyacı olan bütün qazilərə dövlətimiz tərəfindən lazımi köməklik göstərilir və bu tendensiya belə də davam edəcək. Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də qazilərə tibbi yardım göstəriləcək. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. Artıq bir neçə qazimiz protezlərlə tam təmin edilib və onlar normal həyata dönüblər. Bundan sonra da daha 300-dən çox qazimizin protezlərlə təminatı təşkil ediləcək.

 Azərbaycan öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri ilə bağlı bütün zəruri tədbirləri icra edir. Hal-hazıradək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il şəhid ailələrinə və müharibə əlillərinə 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzilin verilməsi planlaşdırılır. Beləliklə, həm Birinci, həm də ki, İkinci Qarabağ müharibəsində şəhid olmuş vətəndaşlarımızın ailələrinə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Bundan başqa, müharibə əlillərinə ümumilikdə 7200-ə yaxın minik avtomaşını verilib.

Göründüyü kimi şəhid ailələri və müharibə əlilləri daim dövlətin qayğısı ilə əhatə olunub və gələcəkdə daim dövlətin diqqət mərkəzində olacaqlar.

 

Füzuli rayon prokuroru

kiçik ədliyyə müşaviri

Elnur Rüstəmov