"Sabah" baş məşqçisi Murad Musayevlə yollarını ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, rusiyalı mütəxəssis vəzifəsindən istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı Musayev "Sabah"dan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Komandamız rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.