Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək. Batminton yarışları Bakı vaxtı ilə saat 10:30-da başlanacaq.

Saat 12:00-da isə cüdo yarışlarl start götürür. Cüdoçulardan Balabəy Ağayev (60 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq. Qadın cüdoçumuz Leyla Əliyeva (48 kq) 1/16 finalda Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada təsnifat mərhələsində yarışacaq. Saat 12:30-da 33 idmançı start xəttinə çıxacaq, onlardan 8-i finala yüksələcək.

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində yarışacaq. Burada mübarizəyə 13:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur