Qlobal dövlət borcu ötən il rekord səviyyəyə - 92 trilyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabatda qeyd olunub.

Məlumata görə, hökumətlərin COVID-19 pandemiyası kimi böhranlara qarşı borc alması nəticəsində qlobal dövlət borcu kəskin artıb.

Hesabat dövründə borc yükü inkişaf etməkdə olan ölkələr tərəfindən ciddi şəkildə hiss olunub. "G20"nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən əvvəl açıqlanan hesabata görə, dünyada ümumi borc son 20 ildə 5 dəfədən çox artaraq iqtisadi artım tempini üstələyib. Ümumi Daxili Məhsul (ÜDM) isə 2002-ci ildən bəri cəmi 3 dəfə artıb.

Qlobal dövlət borcunun təxminən 30%-i inkişaf etməkdə olan ölkələrin payına düşüb. Bundan əlavə, inkişaf etməkdə olan 59 ölkədə borcun ÜDM-ə nisbəti 60%-dən yüksəkdir.