25-29 iyul tarixlərində Maliyyə Nazirliyində “İqlim dəyişmələrinin təsirindən yaranan fiskal risklərin idarəolunması üzrə Potensialın Gücləndirilməsi” mövzusunda tədbir, həmçinin iqlim dəyişikliyi ilə əlaqədar fiskal risklərin diaqnostika aləti olan Q-CRAFT (Quantified Change Risk Assessment Fiscal Tool) modeli üzrə praktiki seminarlar keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) “İqlim dəyişmələrinin təsirindən yaranan fiskal risklərin idarəolunması üzrə Potensialın Gücləndirilməsi” missiyasının iştirakı ilə keçirilən müzakirələrə Maliyyə Nazirliyi ilə yanaşı aidiyyəti dövlət orqanlarının, o cümlədən İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Fondunun və Mərkəzi Bankın nümayəndələri də qatılıb.

Tədbir cari ilin aprel ayında BVF və Dünya Bankı Qrupunun Yaz Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə iqlim dəyişikliyi ilə əlaqədar fiskal risklər üzrə Maliyyə Nazirliyinin potensialının artırılması üçün BVF-nin texniki yardımı ilə bağlı əldə olunmuş razılıq əsasında keçirilib.