Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi  yekunlaşmaq üzrədir.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları və beynəlxalq (xarici) müşahidəçilər seçkilərdə müşahidəçi qismində çıxış edə bilərlər. Respublikanın bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq, seçkilərin keçirilməsinə 10 gün qalanadək MSK-ya təqdim edilə bilər.

Sentyabrın 1–də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin MSK-a təqdim edilməsi prosesi avqustun 22-də başa çatacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də 6-cı  çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla 6-cı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.