“Qarabağ ermənilərinin başqa yolu yoxdur. Onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməli və onlara dəstək verən separatçı ünsürlərdən özlərini ayırmalıdırlar. Qarabağ sakinləri ilə dialoq və onların reinteqrasiyası Azərbaycanın daxili işidir, Ermənistanda post-müharibə dövründə normallaşma başqa bir istiqamətdir. Bunları fərqləndirmək lazımdır”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Qarabağdakı erməni sakinlərin rəsmi Bakının görüş təklifindən imtina etməsi və dialoqdan boyun qaçırmasını qiymətləndirərkən deyib. O bildirib ki, son proseslər Azərbaycana qarşı təxribatların davam edəcəyini göstərir:

 

 

“Təəssüflər olsun ki, Qarabağda mövcud olan aqressiv separatçı ünsürlər və onları dəstəkləyən Ermənistan, dünyadakı diaspor güc dairələri hələ də revanşist hissləri aşılayırlar. Bu konteksdə, Qarabağ ermənilərinin danışıqlardan imtina etməsi, Azərbaycana qarşı planlaşdırılan növbəti təxribat və kampaniyaların anonsudur.
Növbəti təxribatları gözləmək olar. Çünki hələ də, Qarabağda Ermənistana məxsus 10 min qanunsuz silahlı birləşmələr var, onlar bizim suveren torpaqlarımızdan çıxarılmayıblar. Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan 2020-ci il 10 noyabr tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilməyib”.