“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə nazirliyinə müharibə elan etməsi, ardınca Rusiyanın bir sıra iri yaşayış məntəqələrinə nəzarəti ələ keçirməsi, prezident V.Putinin bunu xəyanət adlandırması, baş verən toqquşmalar (Rusiya ordusuna məxsus ən azı 5 helikopterin və 1 təyyarənin “vaqner”çilər tərəfindən vurulduğu bildirilir - red.), günün sonunda isə tərəflər arasında razılaşmanın əldə edilməsi bütün dünyanın diqqət mərkəzindədir. Ukrayna başda olmaqla, dünya ictimaiyyəti baş verənləri həm sakit, həm də heyrətlə izləyir. Hamını bir sual düşündürür: əslində nə baş verdi? 

Priqojinin Rusiyanın hərbi elitası ilə soyuq savaşının tarixi heç də yeni deyil. Lakin Ukraynada müharibə başlayandan sonra özünü daha qabarıq göstərməyə başladı. O, xüsusilə son bir neçə ayda hərbi birliyinə lazımi qədər silah-sursat verilməməsindən şikayətlənir və ordu rəhbərliyindəki özbaşınalığı ən sərt şəkildə tənqid-təhqir edirdi. Yevgeni “bu gün bizim düşmənimiz Ukrayna ordusu deyil, rus bürokratiyasıdır, orduda özbaşınalıq yaradan, gənclərimizin məhv olmasına səbəb olan Şoyqu və Gerasimovdur” və digər bu kimi fikirləri ilə özünü həm sadə camaatın, həm də Rusiya elitasında Putin hakimiyyətindən narazı olanların yeni və gizli qəhrəmanına çevirməyi bacarıb.  

Əslində Priqojin Rusiya və dünya üçün sıradan biri deyil. Sadəcə bir özəl hərbi birliyin baş komandanı olması onun görünən tərəfidir. 10-dan çox Afrika ölkəsi ilə sıx əməkdaşlıq edərək qitənin dərinliklərinə nüfuz edə bilən, silahlı birlik formalaşdıran, Rusiya ordusunun və Kremlin əsas qida təminatçısı olan, adı 2016-cı ildə ABŞ seçkilərinə müdaxilə etməkdə hallandırılan bir adamdan bəhs edirik.  

Priqojin son aylarda nüfuzunu o qədər yüksəldib ki, Rusiyada hətta onu Putinin yeganə ciddi rəqibi kimi görənlər də var.  

Bir biznesmen kimi tanınan, Rusiyanın beynəlxalq aləmdə piarını aparan bir adamın ölkə daxilində belə sürətlə nüfuz qazanması təsadüfi, orqanik prosesdirmi?  

Onun Rusiya siyasi, hərbi elitasını “topa tutması”na Kremldə niyə göz yumulur? Ən ortabab tənqidçilərin belə sıradan çıxarıldığı Rusiyada Priqojindən həqiqətənmi çəkinirlər? Ya bəlkə Priqojinin Kremlə meydan oxuması icazəli cəsarətdir? Ola bilərmi?   

“Vaqner” rəhbərini uzun illər beynəlxalq mətbuatda “Putinin aşpazı” adlandırırlar. O, müsahibələrinin birində bunu absurd adlandırıb. Priqojinə bu ləqəb ordunun və Kremlin qida təminatının məhz onun şirkətinə həvalə edilməsindən sonra verilib. Əslində isə müsahibələrinin birində qeyd etmişdi ki, o, heç yemək bişirməyi bacarmır. Əvəzində ona Putinin aşpazı deyil, qəssabı deyilməsi daha doğru olardı. Maraqlı bənzətmədir. “Putinin qəssabı”. Vladimir baltanı sabah onun kürəyinə saplayacaq birinə həvalə edərmi? 

Açıqlamalarının birində Rusiya elitasını müharibə ilə ciddi məşğul olmağa çağıran Priqojin təxminən belə bir cümlə işlətmişdi: “Bu proses 1917-ci ildə olduğu kimi, inqilabla başa çata bilər. Əvvəlcə əsgərlər, sonra isə onların yaxınları ayağa qalxacaq”. Sərt baxışlı komandan sanki bu günlərin anonsu verirmiş.  

Priqojin “Vaqner” düşərgəsinin Rusiya Müdafiə nazirliyinə bağlı qüvvələr tərəfindən vurulduğunu əsas gətirərək qisas əməliyyatına başladığını bəyan etdi, amma bunu hərbi çevriliş adlandırmadı, “bu “ədalət yürüşü”dür dedi”. İndi Priqojin və dəstəsi həqiqətənmi ədalət carçılarıdır? Onların məqsədi həqiqətənmi Rusiyada illərdir dəyişməyən hakimiyyəti dəyişmək, rusları müharibədən xilas etmək, korrupsiyalaşmış hökuməti təmizləməkdir?  

Dünən günün sonunda Belarus prezidentinin vasitəçiliyi ilə tərəflər arasında razılıq əldə olundu, “qiyamçılar” geri çəkildi.  

Hadisələri bir neçə ay əvvəldən ta dünən axşama qədər gözucu nəzərdən keçirəndə, anlamaq olur ki, bu öncədən hazırlanmış planlı bir qiyam idi. Bu “qiyam” kimə nə verdi? 

Vladimir Putin dünya siyasi arenasında böyük oyunçulardan biri hesab olunur. Baxmayaraq ki Ukraynada müharibəni başlatması ilə özünü və ölkəsini dalana dirəyib, amma hər halda qlobal aləmdə və tarixdə qalacaq bir siyasi personadır.  

Böyüklər həmişə simvolik gedişləri, pərdələnmiş oyunları sevir. Putin də həmçinin. 

2014-cü ildə Putindən “dövlətə xidmətə görə” mükafat almış Priqojinin indi öz dostuna-ağasına səmimi olaraq üsyan elan etməsi inandırıcı gəlmir. Dünyada ən çox qorxduğu şey zəhərlənmək olan V.Putin Kremlin ərzaq təminatını Priqojinə etibar edib. Bu, prezidentin ona nə qədər güvəndiyinin göstəricisidir. Bu qədər etibarlı adam indi niyə etibarsız çıxdı? Bəlkə ona məhz etibarsız kimi görünmək missiyası tapşırılıb? Ki, həqiqi etibarsızlar üzə çıxsın. Buna yaradıcılıqda “yalanı verib doğrunu almaq” deyirlər. 

Əvvəlcə ondan başlayaq ki, niyə məhz Priqojin? Niyə bu rol ona həvalə edilib? Cavab çox sadədir: Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişini uğurla həyata keçirə bilər. Daha doğrusu onun keçirməsi daha çox inandırıcı olar. Çünki onun belə bir təcrübəsi var. Vaxtı ilə bəzi Afrika ölkələrində - Burkina-Fasoda, Sudanda, Malidə müxtəlif formalarda dövlət çevrilişləri həyata keçirib. 

Bəs bu “cəhd” Putinə nə verəcək? Vladimir çox yaxşı bilir ki, bu gün vəzir-vəkilləri arasında bir çoxları onun üzünə gülsə də, ürəyində onu söyür. Yaranan ilk fürsətdəcə şahı arxadan bıçaqlayacaq əyanlar hər bir sarayda olur. Putin özünü gözləyən bu potensial təhlükədən vaxtında xəbərdar olmalıdır ki, sabah real vəziyyətdə sürprizlərlə qarşılaşmasın. Şaha həqiqi xəyanət edənləri necə müəyyən etmək olar? Həqiqi böhran vəziyyəti yaratmaqla. Maksimum inandırıcı bir çevriliş cəhdi hazırlanır. Priqojinə bilərəkdən ciddi şəkildə müqavimət göstərilmir. 8 aya Baxmutu tuta bilməyən Priqojin heç 8 saat keçmədi ki, Rostova daxil oldu. Həqiqi üsyançı olsaydı, onun konvoyu çoxdan darmadağın edilmişdi. Kiyevə gecə-gündüz  atılan İran istehsalı kamikadze-dronlardan bir neçəsi bəs idi “vaqnerçi”lərin karvanını dayandırmağa.  

Priqojinin dəstəsi Moskvanın 200 km-liyinə qədər demək olar ki, ciddi toqquşma olmadan gəldi. Putinə bu məqamda - böhran anında saraydaxili vəziyyəti müşahidə etmək lazım idi. Kimlər ilk fürsətdəcə Putinə arxa çevirib Priqojinə qoşulacaq, kimlər hər ehtimala susqunluq nümayiş etdirəcək, kimlər dərhal Kremli müdafiə edəcək və s. Bütün bunlar Putinin “dəftər”inə yazılır əlbəttə. Uzun sözün qısası, bu icazəli qiyamın məqsədlərindən biri özlərini “yandıracaq” şəxsləri üzə çıxarmaq ola bilər. Bu çox ciddi məsələdir. Saqqız kimi uzanan müharibənin hərbi-siyasi elitada narazılığı artırdığı gün kimi aydındır. Bu məqamda Putinə potensial “xəyanətkar”ları üzə çıxarmaq lazımdır ki, indidən işini bilsin.  

Bununla Putin bir növ postmüharibə dövrünə hazırlıq görür. Özünü gözləyən potensial saray qiyamını indidən yatırdır. Ağlabatandır. Amma onun üçün bu qədər dəhşətli qarşıdurmaya gedilərmi? Putin gedər. Proses maksimum inandırıcı olmalıdır ki, “xəyanətkar”lar tez üzə çıxsın.  

Bu planlı çevriliş həm də cəmiyyətin nəbzini yoxlamaq baxımından önəmli idi: “ölkədə nüfuzu artan Priqojin hər kəsi ayağa qaldırsa, ona nə qədər qoşulan olacaq?”. Proses göstərdi ki, cəmiyyət ehtiyatlı davrandı. Küçələr insan seli ilə aşıb-daşmadı. Deməli, Putinin hökumətinə hələ ki, daxildə təhdid yoxdur. Bəlkə də bu həm də növbəti ümumölkə səfərbərliyinin elanından öncə bir immunitet testi idi. Testdən Rusiya xalqı “üzüağ” çıxdı.  

Bu planın bir başqa qanadı da var. Rusiya Ukrayna cəbhəsində dalana dirəndiyini çox yaxşı anlayır. Qərbin ehtiyatları tükənmir. Sanksiyalara məruz qalan Rusiyanın isə ehtiyatları heç də ürəkaçan deyil. O tərəfdən Çin hökuməti ABŞ dövlət katibi Blinkenlə görüşdə Rusiyaya hərbi yardım etməmək barədə vəd verdi. İranın bəzi sanksiyaların götürülməsi müqabilində ABŞ ilə danışıqlar apardığı məlumdur. Bir sözlə, Rusiya indi də olmasa, bir müddət sonra tamamilə tək qalacaq və müharibə Kremlin çox ağır məğlubiyyəti ilə bitə bilər. Bunu Kremldə başa düşməyə bilməzlər. Ona görə də papaqlarını qarşılarına qoyub belə bir plan cızmış ola bilərlər: “Biz Ukraynadan necə çıxaq ki, həm xalqın, həm də dünyanın qarşısında məğlub kimi görünməyək? Bunun ən yaxşı yolu daxili “çaxnaşma” yaratmaqdır. Yəni bu gün baş verən “çevriliş cəhdi” həm də Rusiyanın Ukraynadan mümkün çıxışını legitimləşdirmək məqsədi daşıya bilər. Başqa sözlə desək, Kreml əhli “biz Ukraynadan məğlub olduğumuza görə çıxmadıq, daxildə baş verən qiyam, təxribat bizi buna məcbur etdi” deyərək nə vaxtsa baş verəcək geriçəkilməni bununla izah edə bilər. 

Məsələn, bir variant da istisna edilmir. Ola bilsin ki, Priqojin Rusiya Müdafiə nazirliyindəki adamlarından onun aradan götürülməsi ilə bağlı gizli plan hazırlandığı barədə dəqiq məlumat alıb. Ona görə də belə açıq şəkildə, topu-tüfəngi ilə Kremlin üzərinə getdi. Mesaj belə idi: Məni aradan götürmək istədiyinizdən xəbərdaram, 25 minlik qoşunla Moskvaya gəlirəm, gəlin döyüşək". Bununla o, ölkə daxilində vətəndaş müharibəsi və hərbi çevriliş yarada biləcək gücdə olduğunu qarşı tərəfə göstərmiş oldu. Bununla yanaşı, Lukaşenkonun vasitəçiliyi ilə baş tutan danışıqlarda, özünün təhlükəsizliyinə zəmanət verilməsini də tələb etdi. Putin isə şəxsən buna zəmanət verdi. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə inansaq, Putinin şəxsi zəmanəti ilə Priqojin Belarusa yollanacaq. Hansı missiya ilə gedir? Məqsəd təhlükəsiz yaşamaqdır, yoxsa Belarus həbsxanalarından "Vaqner" üçün yeni üzvlər toplamaq? Bunu zaman göstərəcək. 

Bəlkə də düşündüklərimizin heç biri deyil. Amma bir şey dəqiqdir ki, bütün bunlar Rusiyanın Ukraynadakı işləri yaxşı getmədiyi üçün baş verir. İstər səmimi olsun, istərsə də oyun - bu gün baş verənlər bu və ya digər formada Rusiyanın Ukrayna cəbhəsindəki məğlubiyyətinin “treyler”idir. Kino hələ qabaqdadır.

Rahil Sayadoğlu