Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, Sərəncamla Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə dövlət büdcəsindən 450 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Eyni zamanda, Dövlət başçısı Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun da əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800,0 (səkkiz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.