Biz sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilərə namizədlik iddiasında olan vətəndaşlarımıza qanun çərçivəsində bütün şəraiti yaradırıq. Hesab edirəm ki, seçki prosesi kifayət qədər rəvan keçəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov namizədlərin qeydiyyatı prosesinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

R.Qasımov bildirib ki, dairə və məntəqə seçki komissiyalarının üzvləri Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün addımları atacaq. “Bilirsiniz ki, namizədlər üçün "Yaddaş kitabçası" hazırlanıb. Bu, namizədlərin işinin asanlaşdırılması üçün nəzərdə tutulub. Namizədlərin qeydiyyatı prosesində kifayət qədər diqqətli olmaq lazımdır”- deyə o vurğulayıb.