Cari ilin sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1706,6 min nəfər olub, onlardan 887,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,8%-i təhsil, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4%-i tikinti, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 923,0 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.