Aylıq maaşın gecikməsi halı o qədər geniş yayılıb ki, bunu artıq problem hesab etməyənlər var. Müəssisə rəhbərlikləri bunu adətən onlardan qaynaqlanmayan səbəblərlə əsaslandırır. Əsasən özəl şirkətlərdə müşahidə olunan bu hal niyə tez-tez baş verir? 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran iqtisadçı Eyyub Kərimli bunları dilə gətirib: “Məvaciblərin nağd şəkildə ödənilməsi, yəni ödənişin maaş kartı ilə bank vasitəsi ilə ödənilməməsi bu cür neqativ halların yaranmasına gətirib çıxarır. Ümumiyyətlə isə işəgötürənlər üç gün ərzində işçinin maaşını ödəməlidirlər”.

E.Kərimli əmək bazarındakı digər problemlərdən də söz açıb: “Bu sahədə əsas problemlərdən biri əmək müqavilələrinin rəsmiləşdirilməməsi, yəni əmək münasibətlərinin müqavilədən kənar fəaliyyət göstərməsi ilə bağlıdır. Bundan başqa, iş saatlarının adətən normadan çox olması da problem hesab oluna bilər. Digər problem isə bəzən əməkdaşların funksiyasının əmək müqavilələrində tam göstərilməməsi və ya maaşların daha aşağı göstərilməsidir. Bu qəbildən olan problemlər də aktualdır”. 

 

 

Deputat Fazil Mustafa isə bildirib ki, Azərbaycanda belə halla üzləşən əksər işçilər rəhbərlikdən şikayətçi ola bilmir: “İşçilər adətən işini itirmək qorxusundan öz hüquqlarını tələb edə bilmirlər. Bu bir reallıqdır. Halbuki maaşın gecikdirilməsi məhkəmə predmeti ola bilər. Ona görə də bunu hər hansı bir şəkildə sahibkarlar nəzərə almalıdırlar”. 

 

 

Bu hallar qanunlar necə tənzimlənir? Suala hüquqşünas Şamil Paşayev belə cavab verib: “İşəgötürən tərəfindən onun təqsiri üzündən əmək haqqının gecikdirilməsi və ya verilməməsi halında hər bir gün üçün işçiyə orta əmək haqqının bir faizi miqdarında əlavə ödəniş verilməlidir. İşçi əmək haqqını ala bilmədikdə, aidiyyəti üzrə əmək müfəttişliyinə müraciət etməlidir. Eyni zamanda hüququ pozulan vətəndaş əlavə kompensasiya almaq məqsədi ilə işəgötürəni məhkəməyə verərək təzminat ala bilər”.

Ş.Paşayev əlavə edib ki, qanunvericilikdə əməkhaqqının verilməsi ilə bağlı konkret müddəalar var: “Əmək Məcəlləsinin 172-ci maddəsinə görə əməkhaqqı ayda iki dəfə ən azı 16 gündən bir iki hissəyə bölünərək verilə bilər. Bundan başqa işçi maaşını avans və bütöv maaş şəklində də ala bilər”. 

 

 

Əgər maaşın verilməsi xüsusi günlərə təsadüf edərsə, bu zaman şirkət rəhbərliyi necə davranmalıdır? Hüquqşünas bu məsələyə də aydınlıq gətirib: “Əməkhaqqının verilməsinin son günü ümumxalq hüzn gününə, bayram günlərinə, istirahət günlərinə düşdükdə həmin gündən bir gün qabaq əmək haqqının verilməsi təmin edilməlidir”.

Sonda bir daha maaşı gecikdirilərək verilən şəxslərin nəzərinə çatdıraq ki, işçi əməkhaqqı ilə bağlı hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində əlavə ödənişin verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu kimi hallarda işəgötürən əlavə olaraq Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnə bilər. Belə ki, Əmək Məcəlləsi ilə bağlı müvafiq pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 (yeddi yüz) manatdan 1500 (min beş yüz) manatadək məbləğdə cərimə edilir.