İspaniyanın Kaseres şəhərinin şimalında iki gündür davam edən meşə yanğınları səbəbindən 700-dən çox insanın təxliyə edildiyi açıqlanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin verdiyi məlumatda meşə yanğınının 2 min 500 hektar ərazini əhatə etdiyi bildirilir.

Hələlik nəzarət altına alına bilməyən yanğın yaxınlıqdakı 3 yaşayış məntəqəsini təhdid altında saxlayır. Digər tərəfdən yanğınsöndürmə işlərində 165-i əsgər, 265-i yanğınsöndürən olmaqla 500-ə yaxın adamın iştirak edir, 14 helikopter isə yanğına dəstək üçün ayrılıb. İsti hava və küləyin təsiri ilə yayılan və 2-ci dərəcəli təhlükə siqnalı verilən yanğınla əlaqədar bəzi yollar hərəkətə bağlanıb.

Qeyd edək ki, 2022-ci ildə İspaniya meşə yanğınlarında tarixinin ən pis illərindən birini yaşayıb və ümumilikdə 310 min hektardan çox ərazi yanıb.