“iPhone 16” və “iPhone 16 Plus”ın kamera bloku və bütün dizaynı əvvəlki modellərdən fərqlənəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə tanınmış insayder Majin Boo “X” hesabında məlumat verib.

O qeyd edib ki, yeni modellərdə şaquli kamera linzaları olacaq, həmçinin kvadrat kamera çərçivələrinin əvəzinə “iPhone X”dakı kimi uzunsov ovala malik kameraların olacağı ehtimal edilir:

“Amma çox güman ki, “Pro” və “Pro Max” modellərinin dizaynında ciddi dəyişikliklər olmayacaq. “iPhone 16 Pro”nun ekran diaqonalı 0,1 düym artaraq 6,3 düym ola bilər. “16 Pro Max” kimi, “16 Pro” da toxunmaya həssas kamera idarəetmə düyməsinə sahib olacaq. Həmçinin “16 Pro”nun “iPhone 15 Pro Max”da olduğu kimi periskop kamera modulu ala biləcəyi də istisna edilmir. Bu, daxili komponentlərin yenidən qurulmasını tələb edəcək, lakin cihazın həcmi çox güman ki, böyüməyəcək”.

Qeyd edək ki, “Apple”ın “iPhone 16” smartfonlarını 2024-cü ilin payızında təqdim edəcəyi gözlənilir.