Cümə günü Qərbi Avropanın ən böyük ölkələrinin birja indeksləri kəskin şəkildə aşağı düşüb.

Bu barədə İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Avropanın ən iri şirkətlərinin “Stoxx Europe 600" kompozit indeksi Bakı vaxtı ilə saat 10:02-ə 0,66% azalaraq 510,64 bənd təşkil edib.

Britaniyanın “FTSE 100” indeksi 0,75%, Almaniya DAX 0,9%, Fransa “CAC 40” isə 0,88% ucuzlaşıb. İtaliyanın “FTSE MIB” və İspaniyanın “IBEX 35” indeksləri müvafiq olaraq 0,8% və 0,6% ucuzlaşıb.

“Microsoft”da baş vermiş problem dünyanın bir çox ölkələrində müxtəlif strukturların işində axsamalara səbəb olub. Xüsusilə, Amerikanın böyük aviaşirkətləri, o cümlədən “American Airlines”, “United Airlines” və “Delta” uçuşları dayandırıb. İspaniya, Böyük Britaniya və Almaniya da daxil olmaqla, Avropanın bir sıra hava limanları reyslərin ləngidiyini bildirib. Böyük Britaniyada dəmir yolu daşıyıcıları da texniki problemlərlə üzləşib.

İngiltərənin “Sky News” telekanalı və Fransanın “Figaro” nəşri də daxil olmaqla bir neçə media qurumu bu vəziyyətdən təsirlənib.

“Microsoft” nümayəndələri bildiriblər ki, problemin özü artıq aradan qaldırılıb və şirkət uğursuzluğun təsirini azaltmaq üçün tədbirlər görür.

Qeyd edək ki, ABŞ, Avstraliya, Almaniya və İspaniyada "Microsoft" noutbuklarının işləməsi ilə bağlı kütləvi texniki nasazlıqlar qeydə alınıb. 

 

Sadiq Cavadov