Xəbər verdiyimiz kimi, Avqustdan etibarən Azərbaycanda internetin sürəti ilə yanaşı qiymətində də dəyişiklik olacaq. Rəsmi məlumata görə, abunəçilərin genişzolaqlı internetə artan tələbatı nəzərə alınaraq tarif paketlərində sürət 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılacaq. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda internet infrastrukturu beynəlxalq, xarici təşkilatların qrantları, onların maliyyəsi, krediti əsasında deyil, dövlət və özəl provayderlərin öz büdcəsi hesabına inkişaf etdirilir.

O, bir neçə ildir ki, internet infrastrukturunun ölkənin ən ucqar rayon və kəndlərində də qurulduğunu xatırladıb. Ekspertin sözlərinə görə, artıq işlərin 92%-i tamamlanıb və ilin axırına tam yekunlaşacaq: "Bu infrastrukturu quran, investisiya edən şirkətlərin hər biri korporasiyadır, qazanc məqsədilə açılmış biznes strukturlarıdır. Onlar infrastrukturu yaxşılaşdırırlar ki, qazansınlar və ona görə də qiymət tənzimlənmələrində investor kimi öz tələblərini edə bilirlər. Ümumiyyətlə, dünyada sürətli internet anlayışı mövcuddur. Belə ki, sürətli internetin ən aşağı həddi 25 meqabitdir. Bu sürət bir şəxs və ya hər hansı bir proses üçün hesablanır. Təəssüflər olsun ki, Azərbaycanda internetin zəif olmasından, yaxşı işləmədiyindən şikayətlənənlər var. Amma gedib müşahidə etdikdə və ya maraqlandıqda görürük ki, ailənin bütün üzvləri səhərdən axşama qədər “YouTube”a baxırlar. Bununla yanaşı, ailə üzvləri müxtəlif sosial şəbəkələrdən - “TikTok”, “Instagram” və ya “Whatsapp” üzərindən videokonfranslar, canlı yayımlar edirlər. Bütün bunlar təbii ki, internetin sürətinə təsirsiz ötüşmür. Ümumiyyətlə, videoyayımlar daha çox edilən sosial şəbəkələrdən “TikTok”, “Instagram” və ya “YouTube” daha çox sürətli internet tələb edir”.

E.Abbasov vurğulayıb ki, Azərbaycanda infrastruktur nə qədər yaxşı olsa da, seçilən internet paketləri aşağı limitdə olduğu halda hər kəs internetin sürətindən şikayətçi olacaq. Ekspert dövlət provayderlərinin bir aydan sonra internet paketi siyasətini dəyişəcəkləri ilə bağlı elanını xatırladıb. O bildirib ki, əslində, internetin sürətinin artması fonunda qiyməti azalır: “İndi 18 manata 40 meqabit internet alırıq. Bu, o deməkdir ki, 1 meqabit 45 qəpikdir. Bir aydan sonra 18 manatlıq paket ləğv olunaraq 25 manata çatdırılır, sürəti isə 100 meqabitə yüksəldilir. Bu o deməkdir ki, əvvəl bir meqabitə 45 qəpik düşürdüsə, dəyişiklikdən sonra bir meqabit 25 qəpiyə bərabər olacaq. Yəni əslində, internetin qiyməti azalır. Sadəcə aşağı limitli paketlər ləğv olunur və daha üst limitli paketə keçirilir deyə abunəçi daha çox pul ödəməli olur. Nəticədə geniş limit aldıqları üçün internet problemləri - donmalar, yavaşlamalar aradan qalxacaq və böyük ehtimalla narazılıq da azalacaq. Hər bir radikal qərar bu formada cəmiyyətdə əks-sədalar doğurur, amma nəticə etibarilə uğura gedən bir yol olacağına inanıram”.

 

Sadiq Cavadov