"Bütün dünya hazırda elektriklə işləyən avtomobillərə keçid dövrü edir".

Bunu İqtisadiyyat.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, alıcılıq qabiliyyəti yüksək, maddi durumu yaxşı olan bəzi inkişaf etmiş ölkələrdə bu proses daha sürətli baş verir: "Amma maddi durumu az olanlarda isə bu, yəqin ki, aşağı templə davam edəcək. Burada əsas məsələ ondan ibarətdir ki, elektromobillər yanacaqla deyil, elektrik enerjisi ilə çalışdığından onlarla məsafə getmək çox sərfəlidir. Bununla yanaşı, elektromobillər digərlərindən fərqli olaraq atmosferə zəhərli emissiylar göndərmirlər və ciddi şəkildə səs kirliyinə səbəb olmurlar. Həmçinin onlarda yağ, filtr dəyişmək problemləri də yoxdur". 

Ekspert bildirib ki, son dövrlər ekoloji fəlakətlə bağlı çıxış yollarından biri və hətta birincisi nəqliyyat vasitələrinin elektrik mühərrikli avtomobilə keçməsidir: "Yəni bu, çox vacib məsələdir. Dövlətlər vətəndaşlarının elektrik mühərrikli avtomobilləri seçmələri üçün müəyyən güzəştlər, təşviqat xarakterli tədbirlər həyata keçirirlər. Hazırda ölkəmizdə də bu sahədə ciddi addımlar atılır. Məsələn, ölkəmizdə elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji yükləmə məntəqələrinin sayı artırılır. Bununla yanaşı, bu növ avtomobillər gömrük rüsumundan, əlavə dəyər vergisindən azaddır. Həmçinin elektrikli avtomobillərin sığorta və texniki baxışı üçün ödəniləcək məbləğ də xeyli aşağıdır. Ona görə də bu istiqamətdə atılan addımlar qənaətbəxşdir. Hesab edirik ki, Azərbaycanda belə tip nəqliyyat vasitələrinin sayı getdikcə daha da artacaq".

Sadiq Cavadov