Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) interaktiv xəritə hazırlaması, məlumatların daim yenilənərək həmin xəritə üzərinə köçürülməsi hədəflənir.

İqtisadiyyat.az agentliyə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilmiş, CAREC (Central Asia Regional Economic Cooperation - Mərkəzi Asiya regionu iqtisadi koorparasiyası) proqramı çərçivəsində yol-nəqliyyat hadisələrinə dair məlumatların idarə olunması ilə bağlı tədbirdə bildirilib.

CAREC proqramına üzv ölkələrdən Azərbaycan, Türkiyə, Tacikistan, Pakistan, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan və Gürcüstan nümayəndə heyətlərinin qatıldığı tədbirdə AAYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş idarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov respublikamızın yol infrastrukturu barədə məlumat verib, son illər görülmüş işlər və təhlükəsizlik tədbirləri haqqında arayış təqdim edib. Müzakirələr zamanı Azərbaycanın "Yol Hərəkəti Təhlükəsizliyinə dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", işğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdışa dair I Dövlət Proqramı və Agentliyin apardığı bərpa-quruculuq, Bakı şəhərində mobillik üzrə görülmüş işlərdən, hibrid və elektromobillər üçün dövlət siyasətindən danışılıb.

Tədbirdə yol-nəqliyyat hadisələri barədə məlumatların yığılması, emal olunması və vahid bazaya ötürülməsi, verilənlər bazasının (data base) daha detallı şəkilə salınmasının vacibliyi barədə təlimlər keçirilib, üzv ölkələrin son dövrlərdə yol-nəqliyyat sahəsində gördüyü təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələr aparılıb, təlimin proqramına uyğun xüsusi tapşırıqlar hazırlanıb və digər ölkələrdən olan mütəxəssislərlə birgə verilən tapşırıqların icrası təmin olunub.

Tədbir zamanı iştirakçı ölkələr arasında yol-nəqliyyat hadisələri zamanı həlak olanların say azlığına görə Azərbaycanın ilk yerdə olduğu da diqqətə çatdırılıb.