İstanbul Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsi və Sabiha Gökçən Gömrük İdarəsinin əməkdaşları tərəfindən hava limanında xarici ölkə vətəndaşı olan bir sərnişin təqib edilib.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tehran-İstanbul reysi ilə gələn sərnişinin əşyaları rentgen müayinəsi ilə yoxlanılarkən baqajdakı şübhəli sıxlıq diqqət çəkib və sözügedən şəxs nəzarətə götürülüb. Gizli təqib zamanı şübhəlinin digər sərnişinlərlə əlaqəsinin olub-olmadığı araşdırılıb və onunla birgə hərəkət edən daha 3 nəfərin olduğu müəyyən edilib.

Onlar saxlanılıb və təkrar yük nəzarətinə yönəldiliblər. Şəxsi əşyalar əvvəlcə rentgenoqrafiya ilə təkrar yoxlanılıb. Bunun ardınca baqaja fiziki baxış keçirilib.

Baxış zamanı 4 şübhəli şəxsə aid 10 ədəd torbada yüzlərlə insan saçı olduğu görülüb. 

Əməliyyat nəticəsində ümumi çəkisi 68 kiloqram olan 450 ədəd insan saçı ələ keçirilib. Saçların təxminən 1 milyon 600 min lirə (136 min manat) dəyərində olduğu müəyyən edilib.

Şübhəli şəxslər polisə aparılaraq barələrində araşdırma başladılıb.