Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.

İqtisadiyyat.az report-a istinadən xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib.

Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib.

Dəstənin digər üzvləri isə bunlardır:

Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.

***

11:00

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.

İqtisadiyyat.az bildirir ki, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.