“Təəssüf ki, bizim hərbçilərimiz hava şəraitinin dumanlı olması səbəbindən itkin düşüblər. Onlar qəsdən Ermənistan ərazisinə keçməyiblər. Meşə, dağ şəraitində olan adam bunu təsdiq edər ki, fərqli bir cığırla getdikdə istənilən an yolu aza bilərsən. Bizim hərbçilərə hansısa bir ittihamın irəli sürülməsi, onlara qarşı cinayət işinin açılmasının heç bir hüquqi əsası yoxdur”.

Bu sözləri açıqlamasında İqtisadiyyat.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat deyir ki, bundan əlavə hərbçilərimizə işgənclə, güc tətbiq edilməsi cinayətdir və heç cür qəbul edilə bilməz. Çünki konkret olaraq əsirlərlə və girovlarla bağlı qaydalar var:

“Hətta müharibə zamanı onlara qarşı işgəncə qəbuledilməzdir. Bu baxımdan da, bizim hərbçilər ən qısa zamanda Azərbaycana təhvil verilməlidir. Azərbaycan höküməti bununla bağlı lazımi addımları atıb və müraciətlər edilib. Düşünürəm ki, Ermənistan tərəfi nəyinsə müqabilində hərbçiləri ən qısa zamanda qaytaracaq. Ya əsirlərin dəyişdirilməsi ola bilər, ya da sülh məqsədilə jest olaraq ola bilsin ki, əsirlər geri qaytarılsın. Dəfələrlə Azərbaycan belə humanist addımlar atıb. 2020-ci ildən sonra bir neçə dəfə bunun şahidi olmuşuq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseyn Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.