Kommunikasiya texnologiyalarının inkişafı və internetdən istifadənin geniş vüsət alması ilə əksər xidmət sahələri elektronlaşaraq kağız dövrünü sona çatdırıblar. Vətəndaşların rahatlığını nəzərə alaraq, əsas tələbat sahələri - əhalinin daha çox müraciət etdiyi sosial məsələlərlə bağlı müraciətlər, sahibkarlıq, rəhbər şəxslərə müraciətlər və.s kimi xidmətlər elektronlaşıb. Ancaq hələ də bəzi izdihamlı insan kütləsinin axışdığı ünvanlarda xidmət sektorları elektronlaşmayıb. Bunlardan biri də xaricdən ölkəyə gətirilən avtomobillərin rəsmi dövlət qeydiyyatına alınmasıdır. Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mövzu ilə bağlı öz təkliflərini verib. Ekspert bildirib ki, hazırki durumda DİN üçün bu sistemin elektronlaşması ciddi problem deyil. Onun fikrincə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin bu xidməti elektrona çevirməsi doğru və faydalı olardı.
 

“Sözügedən xidmət dövlət qeydiyyat nişanının verilməsini və nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin verilməsini nəzərdə tutur.Xidmətin həyata keçirilməsində istifadə edilən “Giriş-çıxış və qeydiyyat" sistemi və DYP-nin "Mərkəzi İnformasiya Sistemi" də qurumun özünə məxsusudur. Əgər ehtiyac olarsa, yetərincə inkişaf edən DGK-nın və e-Gov Mərkəzinin informasiya sistemlərinə də inteqrasiyanın problem yaradacağını düşünmürəm.Sirr deyil ki, avtomobillərin dövlət qeydiyyat nişanların rəsmi dövlət rüsumu ilə bazar qiymətləri arasında kəskin fərq var. Bəzən eşidirik ki, hansısa bir avtomobil nömrəsi50 000 manata da satılıb. Düşünürəm ki, adı çəkilən xidmətin elektronlaşması prosesində avtomobillərin qedyiyyat nişanlarının da şəffaf və auksion formasında satış sistemini qurmaq faydalı olardı. Bununla da fantastik rüsumlar dövlət büdcəsinə yönləndirilə bilərdi.”

Mehman Nəbiyev