Dünyanın ən varlı on adamının sərvəti son bir ayda təxminən 50 milyard dollar azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə, dünyanın ən varlı adamı, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask 35 milyard dollar itirib. Bu, Maskın sərvətinin 14%-i deməkdir. Buna səbəb "Tesla" səhmlərinin 20% azalması olub.

Öz növbəsində, Fransanın lüks mallar istehsalçısı "LVMH"nin rəhbəri Bernard Arna oktyabrda qrupun payının 5% azalması səbəbindən 10 milyard dollar itirib.

“Oracle” korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison şirkətin səhmlərinin 3% ucuzlaşması nəticəsində 5 milyard dollar itirsə də, reytinqdə dördüncü yeri qoruyub. "Forbes" hazırda onun sərvətini təxminən 131 milyard dollar qiymətləndirir.

Eyni zamanda, reytinqdə yeddinci yerdə olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti 300 milyon dollara yaxın artıb. Buna korporasiyanın səhmlərinin bahalaşması səbəb olub.

"Forbes"in məlumatına görə, dünyanın ən zəngin on adamının ümumi sərvəti noyabrın 1-nə 1,32 trilyon dollar olaraq qiymətləndirilib.

 

Gözəl Həşimova