Dünyanın 100 ən böyük silah şirkətinin satışları ötən il 3,5% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatında deyilir.

Məlumata görə, ötən il bu sənayenin 100 ən böyük şirkətinin silah və hərbi xidmət satışından əldə etdiyi gəlir 597 milyard dollar təşkil edib. Bu göstərici Rusiya-Ukrayna münaqişəsinə baxmayaraq, 2021-ci illə müqayisədə 3,5% azdır.

Bildirilib ki, Amerika və Avropa istehsalçıları məhsullarına tələbin artmasına baxmayaraq, istehsalı əhəmiyyətli dərəcədə artıra bilməyiblər. Mütəxəssislər bunu işçi qüvvəsi çatışmazlığı, artan xərclər və tədarük zəncirinin pozulması ilə əlaqələndirirlər.

ABŞ-nin 40 şirkətinin gəlirləri 7,9% azalaraq 302 milyard dollara çatsa da, ilk 100 ən böyük silah istehsalçısı siyahısındakı bütün satışların 51%-i onların payına düşür. Avropanın 26 istehsalçısının gəlirləri isə 0,9% artaraq 121 milyard dollara çatıb.

Ən böyük istehsalçıların siyahısına iki Rusiya şirkəti - "Rostec" və Birləşmiş Gəmiqayırma Korporasiyası (USC) daxildir. Onlar müvafiq olaraq 16,8 milyard və 3,95 milyard dollar gəlirlə 10-cu və 36-cı yerləri tuturlar. Onların ümumi gəlirləri 12% azalıb.

Reytinqdə 8 Çin şirkəti yer alıb. Onların gəlirləri isə 2,7% artaraq 108 milyard dollara çatıb. Çin ümumi gəlirlərə görə bu siyahıda ikinci ən böyük paya malikdir.

 

Gözəl Həşimova