Avro zonasında biznes fəallığı ekspertlərin gözlədiyindən də daha sürətli azalmaqda davam edir. 

İqtisadiyyat.az S&P Global-ın ilkin hesablamalarına istinadən bildirir ki, iyul ayında kompozit PMI indeksi (ÜDM dinamikasının aparıcı göstəricisi) iyunda 49,9 bənddən 48,9 bənd təşkil edərək səkkiz aylıq minimuma enib. Analitiklər isə daha az eniş gözləyirdilər.

Müsbət zonada qalan xidmət sektoru indeksi iyul ayında bu ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb. Azalma tələbin zəifləməsi və ixrac sifarişlərinin azalması ilə izah olunur.

İlkin hesablamalara görə, iyulda işgüzar fəallığın ən ciddi azalması ən böyük iqtisadiyyatlarda - Almaniya və Fransada qeydə alınıb. Almaniyada kompozit PMI iyunda 50,6-dan 48,3-ə düşüb. Xidmət sektorunda indeks iyunda 54,1 bənddən 52 bəndədək, sənayedə sifarişlərin azalması fonunda iyunda 40,6 bənddən 38 bəndədək (minimum üç ildən çox müddətə) aşağı düşüb. 

Fransada ümumi işgüzar aktivlik iyunda 47,2-dən 46,6 bəndədək azalıb ki, bu da son iki il yarımda ən aşağı göstəricidir. Xidmətlər sektorunda PMI bir ay əvvəlki 48 bənddən 47,4 bəndinə, sənayedə iyunda 46 bənddən 44,5 bəndinə (minimum üç ildən çox) enib.