İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. İclasın gündəliyinə 49 məsələ daxil edilib.

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının nazirlər toplantısı bu gün də davam etdiriləcək.

Bu gün şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi keçiriləcək. Bu mərhələdən uğurla keçən namizədlər müsahibəyə buraxılacaq. Proses yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq.

Bu gündən ölkədə magistraturaya ixtisaslaşma seçimi başlayır. Proses iylun 13-dək DİM-in internet saytında aparılacaq.

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov bu gün Xızı rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Gürcüstana yollanıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edəcək.

Bu gün Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri Brüsseldə görüşəcəklər. Bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen tviterdə yazıb. O, həmçinin türkiyəli həmkarı Hakan Fidanla səmərəli telefon danışığı apardığını da qeyd edib.

Bu gündən "Twitter"in analoqu olan "Threads" əlavəsi işə düşür. Meta şirkətinin məlumatında qeyd olunur ki, yeni platforma "App Store"un Amerika seqmentində "Instagram" sosial şəbəkəsi əsasında fəaliyyət göstərəcək.

Ermənistanda bu axşam saat 19:00-da aksiya keçiriləcək. Bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib. O bildirib ki, aksiya iyulun 6-da saat 18:00-a qədər davam edəcək.

Gürcüstanın Kiyevdəki səfiri Giorgi Zakaraşvili bu gün saat 12:00-a qədər Ukraynanı tərk edəcək. O, bu barədə iyulun 5-də “Rustavi-2” telekanalına bildirib.“48 saat sabah saat 12:00-da bitir. Sabah saat 12:00-a qədər mümkün qədər Ukrayna ərazisini tərk etməyə çalışacağam”, - diplomat bildirib.

Bu gün Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürəcək. İyulun 9-dək davam edəcək qitə birinciliyində hər 3 güləş növü üzrə milli komandalarımız iştirak edəcək.