İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu gün 15 ailə - 53 nəfərin Laçında yerləşdirilməsi baş tutacaq.

Bu gün “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək yekun konserti çərçivəsində festival qaliblərinin mükafatlandırılması nəzərdə tutulur. 

Polşada keçirilən Avropa Oyunlarının taekvondo yarışlarında bu gün dayanq üzərinə çıxacaq Eltac Qafarov (74 kq) 1/8 finalda Lukaş Çudnoçla (Polşa) üz-üzə gələcək. Fəridə Əzizova (67 kq) isə eyni mərhələdə Atanasia Mitsopoulounu (Yunanıstan) sınağa çəkəcək.

Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri bu gün başa çatır.

Bu gün Bakıda “Eldorado” Şıx çimərliyində "Azerbaijan Rock Fest" rok festivalının növbəti konserti təşkil ediləcək. Festivalda Röyal Musa, Joseph Abbas, Şahin Əlizadə və “The Passion”, “Greyband”, “Free From Four”, “Dədə Baba”, “Aynaband”, “Qara Dərviş”, “Midnight”, “Little Rocks” kimi rok qruplar çıxış edəcəklər.

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Balaca kişilər” tamaşası növbəti dəfə nümayiş olunacaq. Yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyadakı vəziyyətlə əlaqədar bu gün Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirəcək.