İki ay əvvəl Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən iranlı şahmatçı Sara Hadem BBC-yə açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, 25 yaşlı şahmatçının sözlərinə görə, İran hökuməti onun barəsində yanvarın 25-də həbs qərarı çıxarıb. 

Sara həmin yarışdan sonra İrana qayıtmayıb. Əvəzində həyat yoldaşı Ərdəşir Əhmədi və 1 yaşlı oğlu ilə İspaniyada məskunlaşıb. Şahmatçı müsahibəsində İspaniya baş naziri Pedro Sançezlə görüşdüyü gün özünün barəsində çıxarılan həbs qərarından xəbər tutduğunu bildirib: “Elə həmin gün ölkəmdə həbs olunmağım barədə əmr verildi. Qarışıq hisslər keçirdim. Burada məni yüksək qiymətləndirirlər. Amma çoxlu uğur qazandığım vətənimdə mənim barəmdə həbs qərarı verilir”. 

İrandakı ailəsi üçün darıxdığını, lakin etdiklərinə görə peşman olmadığını dilə gətirən S.Hadem hələ də İranı təmsil etdiyini və özünü iranlı hesab etdiyini xüsusi vurğulayıb. O, İrandakı etiraz aksiyalarında iştirak etmək istədiyini, lakin oğlunu düşündüyü üçün etirazlara fərqli şəkildə dəstək vermək qərarına gəldiyini deyib və fikrini belə tamamlayıb: “Mən aktivist deyiləm. Nə də aktivistlərə bir mesajım yoxdur. Sadəcə bildirmək istəyirəm ki, küçə etirazlarında iştirak edənlər məni və bir çoxlarını ruhlandırır”.