İxracın və İnvestisiyaları Təşviqi Agentliyi (AZPROMO) İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) ilə Anlaşma Memorandumu imzalayacaq.

İqtisadiyyat.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, AZPROMO-da İİB Qrupunun missiyası ilə görüş keçirilib. Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmləri, o cümlədən Milli İxrac Strategiyasının təsdiqlənməsi və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verib. O, bildirib ki, ixracatçılara göstərilən dəstək tədbirləri çərçivəsində müxtəlif beynəlxalq və xarici qurumlar, xüsusilə İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) və Türkiyənin aidiyyəti qurumları ilə sıx tərəfdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, Y.Abdullayev AZPROMO-nun ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması istiqamətində işlərin apardığını qeyd edib.

ICIEC-nin Asiya regionu üzrə Biznesin inkişafı departamentinin meneceri Oğuz Aktuna təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək diqqətə çatdırıb ki, Azərbaycandan ixracın və ölkəyə birbaşa xarici investisiya axınının stimullaşdırılması üçün Korporasiya ölkə ilə müxtəlif sahələrdə - dövlət-özəl tərəfdaşlığı, nəqliyyat-logistika, telekommunikasiya, səhiyyə və təhsil sektorlarında, eləcə də sığorta və təkrarsığorta həllərinin təqdim edilməsi üzrə əməkdaşlıq edə bilər.

Görüşdə gələcək əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi üçün ICIEC və AZPROMO arasında Anlaşma Memorandumunun imzalanması razılaşdırılıb.