Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Binəqədi rayonu, 8-ci mikrorayon İbrahimpaşa Dadaşov küçəsindəki 135 saylı tam orta məktəbin yaxınlığında yeni tikintisinə başlanılan və “Azərişıq” ASC-nin Texniki Departamentinin əməkdaşı Nizami Məhərrəmova aid olduğu bildirilən restoranın qanunsuz tikildiyi müəyyənləşib.

İqtisadiyyat.az Pravda.az-a istinadən xəbər verir ki, göstəriş əsasında tikili sökülüb.

Ağac kəsintisinə də yol verən obyekt sahibi ilə bağlı müvafiq tədbir görülməsi üçün aidiyyatı qurumlara müraciət edilib.

Pravda.az məsələni dəqiqləşdirmək üçün N.Məhərrəmovla əlaqə saxlayıb. 

Məhərrəmov ərazidə tikinti deyil, abadlıq işləri aparıldığını bildirib: “Məsələdən məlumatlıyam. Həmin ərazi mənim kürəkənim Valeh bəyindir. Amma bildiyim qədərilə orada restoran tikilmir, abadlıq işləri görürlər. Şəxsi mülkiyyətdə olan yerdir...” 

O, əməkdaşımızın “şəxsi mülkiyyətdə olan yerdirsə, dövlət qurumları niyə sökür?”, “axı abadlıq işləri görəndə ağacları kəsmirlər” suallarına isə heç bir arqument gətirməyərək: “Nəsə tikməyiblər ki, sökələr. Abadlıq işləri görərlər, məndə belə məlumat yoxdur... ”, - deyib.