“2003-2022-ci illər ərzində Azərbaycanın ticarət tərəfdaşlarının sayı artaraq 55 ölkədən 185-ə çatıb”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə , ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub:

“Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və "Made in Azerbaijan" brendinin xaricdə tanıdılmasına dəstək və sair tədbirlər də ixracın artımını stimullaşdırır.

Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 11 ticarət evimiz fəaliyyət göstərir. Ölkəmizin iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu sahədə maraqlarını qorumaq və təmsil etmək məqsədi daşıyan ticarət nümayəndəliklərinin fəaliyyəti genişlənir.

Hazırlıq mərhələsində olan ixracın coğrafiyasının genişləndirilməsinin stimullaşdırılması mexanizmlərindən biri - logistikanın subsidiyalaşması ölkə ərazisindən keçən tranzit yüklərin qiymətinin enməsi, bununla da ölkəmizin tranzit sahəsində rəqabət qabiliyyətinin artırılmasına dəstək məqsədi daşıyır.

Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85%, yəni təxminən 5 milyard ABŞ dolları səviyyəsində artırılması nəzərdə tutulur”.