“Məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb: “Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 83,5%, məşğulluqda payı isə 78%-ə yaxındır. 2003-2022-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 42.703 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli kredit verilib”.

Onun sözlərinə görə, maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb: “Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, ayrılmış güzəştli kreditlərin 62,2%-i (1,76 milyard manat) regionların payına düşür. Kreditlərin 50,7%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 49,3%-i isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönləndirilib. Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. 2018-ci ildə isə güzəştli kreditlərin illik faiz dərəcəsi 5%-ə endirilib”.

Bildirilib ki, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması məqsədilə, bir sıra hallar istisna olmaqla, yoxlamalar 2015-ci ildən 1 yanvar 2024-cü il tarixədək dayandırılıb.