Ukrayna və Ermənistan Xarici İşlər nazirlikləri beynəlxalq arenada siyasi dialoqun və əməkdaşlığın aktivləşdirilməsini müzakirə ediblər.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib. 

"Tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini, xüsusən də siyasi dialoqun intensivləşdirilməsi yollarını müzakirə ediblər. Bu kontekstdə həmsöhbətlər bütün səviyyələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini, həmçinin birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər", - deyə məlumatda deyilir. 

Ukrayna tərəfi Ermənistan nümayəndə heyətini Ukraynanın Avropaya inteqrasiyasının hazırkı vəziyyəti haqqında məlumatlandırıb və Ermənistanla bu sahədə təcrübə mübadiləsi aparmağa hazır olduğunu qeyd edib. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib və beynəlxalq arenada əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib. 

Ukrayna nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yevgeni Perebiinos, Ermənistan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan başçılıq edib.