“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin iştirakı ilə baş tutub. 

Forumda Avropa universitetlərində təhsil almış, habelə hazırda Avropada mühəndis olaraq çalışan azərbaycanlılar iştirak edirlər.

Tədbirdə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev çıxış edib.

Qonaqları salamlayaraq nitqinə başlayan N.Abdullayev tədbirin əhəmiyyətindən danışıb. O, bu cür forumlar vasitəsilə xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi diasporumuzun davamlı və uğurlu fəaliyyətində mühüm rol oynayır. 

Alyans sədri vurğulayıb ki, Azərbaycanın diaspor siyasəti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasətinin tərkib hissəsidir. Alyans sədri söyləyib ki, xalqımızın Ümummilli Liderinin əsasını qoyduğu bu strategiya bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir: “Son illər diaspor sahəsində əldə olunan uğurlar bunun bariz nümunəsidir”.

N.Abdullayev 2022-ci ildə Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında Prezident İlham Əliyevin Azərbaycan diasporu ilə bağlı çıxışını xatırladıb. O, məhz həmin qurultaydan sonra Azərbaycan diasporunun qarşısında yeni prioritetlərin yarandığını bildirib. 

N.Abdullayev həmçinin Alyansın Almaniyada həyata keçirdiyi işlərdən söz açıb, həm səfirliyin, həm Alyansın, həm də bütövlükdə Azərbaycan diasporunun birgə fəaliyyəti nəticəsində əldə olunan uğurlardan bəhs edib:

“Bilirsiniz ki, qarşıya qoyulan məqsədlərin fonunda biz 2022-ci ildə Köln şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumunu təşkil etməyə başladıq. Məqsəd uzun illərdir Almaniyanın səhiyyə müəssisələrində çalışan azərbaycanlı tibb mütəxəssislərini, həkimləri bir araya gətirmək, onlar arasında Almaniyada nümunəvi şəbəkələşmə yaratmaq və həmçinin elmi-praktik mübadilə aparmaq olub. Düşünürəm ki, həm ilk, həm də ikinci Forumun müsbət nəticələrini gördük və görməkdəyik. Məhz bunun nəticəsidir ki, artıq bu ilin sentyabr ayında üçüncü Forumun keçirilməsinə başlayacağıq. Məlumat üçün bildirim ki, Almaniyada iki mindən çox azərbaycanlı həkim fəaliyyət göstərir. Odur ki, bu forumlar soydaşlarımız arasında həm birliyin möhkəmləndirilməsinə, həm də xaricdə yaşamağımıza baxmayaraq, Vətənimizə və dövlətimizə birgə töhfə verəcəyimizə zəmin yaradır. Bütün bunlar eyni zamanda Azərbaycan diasporunun artıq güclənməsindən xəbər verir. Bu həm də azərbaycanlı tibb mütəxəssislərinin birgə uğuru deməkdir”.

Alyans sədri əldə olunan müsbət nəticələr fonunda bu kimi forumların təkcə tibb üzrə deyil, həm də digər sahələr üzrə keçirilməsinə qərar verildiyini söyləyib. O səbəbdən də bu dəfə mühəndislərin bir araya gəlməsi üçün zərurətin yarandığını vurğulayıb:

“Biz Alyans olaraq təkcə tibb sahəsi ilə bağlı Forumla kifayətlənmədik. Çünki Almaniyada və ümumilikdə Avropada əcnəbi mühəndislərin sayı kifayət qədər çoxalıb. 2012-2022-ci illərdə əcnəbi mühəndislərin sayı beş dəfə artıb. Burada siyahıda ilk yerdə Hindistan qərarlaşıb. Amma düşünürük ki, burada azərbaycanlı mühəndislərin də sayı daha çox artmalıdır. Çünki biz bu sahədə də diasporumuzu gücləndirməliyik. Sevindirici haldır ki, bu gün bu tədbirdə bizimlə birlikdə gənc mühəndislərimiz də iştirak edirlər. Onların arasında ən gənc mühəndisimiz olan Kamran Ağayev də var. Amerikada təhsil alan gənc mühəndisimiz həm də təhsil aldığı Bostonun Massaçusets Universitetində tyutorluq edir. Əminəm ki, biz hazırda Almaniyada çalışan gənc mühəndisimizin yaxın gələcəkdə Azərbaycana da töhfəsini görəcəyik”.