Xəbər verdiyimiz kimi, "Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edib. Hələ ötən il "Naxçıvanbank"ın bağlanacağı ilə bağlı şayiələr dolaşmağa başlayıb. Ötən ilin sonlarında Mərkəzi Bankın təsdiqlədiyi məlumata görə, "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb. Bununla belə, tənzimləyici qurum portfelin satılmasının bankın lisenziyasının ləğv ediləcəyi anlamına gəlmədiyini bəyan edib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bank çevrilib bank olmayan kredit təşkilatı (BOKT) olmaq istəyirsə, bu, onun bank kimi artıq fəaliyyət göstərə bilmədiyindən xəbər verir.

Ekspert əvvəlcə bankla bank olmayan kredit təşkilatları (BOKT) arasındakı fərqdən danışıb. Onun sözlərinə görə, bankların BOKT-lara nisbətən fəaliyyət dairəsi daha genişdir və onlar kredit məsələləri ilə yanaşı bir sıra əməliyyatları da həyata keçirə bilirlər: "BOKT-lar yalnız kredit məsələləri ilə məğul ola bilirlər. Banklar isə əmanət cəlb edə, bank hesablarını apara, pul köçürmələrini və s. həyata keçirə bilərlər. Buna görə də dövlətin banklara olan tələbləri daha sərt, ciddidir. Bankların minimal kapitalı 50 milyon manat, BOKT-un isə 300 mindir. Yəni fərq çox böyükdür. Bank daha çox vəsait, səy tələb edir. Təbii olaraq adətən BOKT-lar böyümək, çevrilib bank olmaq istəyirlər. Yox, əgər bank çevrilib BOKT olmaq istəyirsə, bu, onun artıq bank kimi artıq fəaliyyət göstərə bilmədiyindən, nəsə problemlərinin olmasından, kapital çatışmazlığından və s. xəbər verir".

Ə.Həsənov Azərbaycanda bankın BOKT-yə çevrilməsinə aid daha əvvəl də təcrübənin olduğunu xatırladıb: "Parabank"ın belə bir təcrübəsi olub. Hazırda "Parabank" "Para" BOKT kimi fəaliyyət göstərir. Düzdür, o zaman əvvəlcə "Parabank"ın lisenziyası ləğv edildi, sonradan lisenziya verilərək BOKT oldu. Bu isə əslində bir qədər düzgün deyildi. Amma hər bir halda belə bir şey oldu. Ehtimal ki, "Naxçıvanbank" da artıq bank kimi fəaliyyət göstərə bilmir, nəsə problemləri var, çevrilib BOKT olacaq və yalnız kredit fəaliyyəti ilə məşğul olacaq. Belə olan təqdirdə o, artıq digər fəaliyyətləri həyata keçirə bilməyəcək".

Ə.Həsənov vətəndaşların "Naxçıvanbank"dakı əmanətlərinin taleyindən də danışıb. O bildirib ki, elan verildikdən sonra vətəndaşlar öz pullarını geri götürə bilərlər.

Qeyd edək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 43 999 990 manatdır.

Sadiq Cavadov