Ağdam rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, abadlıq-quruculuq işləri rayonun Kəngərli kəndini də əhatə edir.

Belə ki, kənddə məhəllə daxili yolların və səkilərin tikintisi işləri aparılacaq. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara başlayıb. Qeyd olunub ki, yollar və səkilər Baş plan üzrə çəkiləcək.

Dövlət Xidməti qeyd olunan işləri "Aztimont" Açıq Səhmdar Cəmiyyətinə həvalə edib və şirkətlə 11,8 milyon manatlıq müqavilə bağlayıb.

Qeyd edək ki, Kəngərli kəndi Ağdam şəhərindən 5 kilometr şimal-şərqdə, Uzundərənin sağ sahilində yerləşir. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Kəngərli kəndləri yenidən salınır. Kəngərli kəndinə ilkin mərhələdə 292 ailənin köçürülməsi nəzərdə tutulur.