26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri ilə görüşlər keçirilib.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

Silahlı Qüvvələr Günü, həmçinin Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində də təntənəli şəkildə qeyd edilib.