"Kreml artıq məğlub olduğunu başa düşür və özünə bəraət qazandırmaq istəyir ki, daxildə satqın var imiş".

Ötən gün Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirməsi yeni gərginliyin yaranmasına səbəb olub. "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bu məsələdə Rusiyanı günahlandırsa da, qarşı tərəf ittihamı təkzib edib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

 

 

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İqtisadiyyat.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirməsi real görünür?

- Bəli, bu ehtimal real ola bilər. Çünki uzun müddətdir ki, Rusiya ilə "Vaqner" arasında gərginlik var idi. "Vaqner"in rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini lazımi silah-sursatı verməməkdə ittiham edirdi. Hətta ona qarşı çox ağır ifadələr işlədirdi və söyürdü. Məlum gərginliyin iki səbəbi ola bilər. Kreml artıq məğlub olduğunu başa düşür və özünə bəraət qazandırmaq istəyir ki, daxildə satqın var imiş. Əks halda Rusiya NATO və Qərbə məğlub olmazdı. Digər tərəfdən, gələcəkdə daha böyük və faciəvi vəziyyətə zəmin yaradıla bilər. Buna nüvə silahının atılması və ya Zaporojye Atom Elektik Stansiyasının (AES) vurulması daxil ola bilər. Hər iki versiya kifayət qədər realdır və gec-tez baş verəcək.

- Ukrayna "Vaqner"in qiyamına münasibət bildirərək qeyd edib ki, tərəflərin razılığa gələrək problemi həll etmələri mümkün olmayacaq. Sizcə, son nəticə necə ola bilər?

- Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyakın məlum açıqlaması barədə konkret fikir söyləmək tezdir. Çünki proses hələ təzədir. Bütün hallarda indiki böyük məsələ asanlıqla bitməyəcək. Yaxın günlərdə ciddi hadisələr baş verə bilər. Hətta "Vaqner"in rəhbəri Yevgeni Priqojinə sui-qəsdin edilməsi mümkündür. 

- ABŞ Rusiyadakı vəziyyəti diqqətlə izlədiyini açıqlayıb. Bu fonda əksər analitiklər hesab edirlər ki, Yevgeni Priqojin Qərbin adamıdır və gərginlik bilərəkdən yaradılıb. Bu iddia nə dərəcədə doğrudur?

-  Priqojinin Qərbin adamı olması inandırıcı görünmür. O, ömürboyu Putinin yanında olub və Ukraynaya qarşı döyüşüb. ABŞ-nin Priqojini ələ alması da real görünmür. 

- Bundan sonrakı dönəmdə proseslər necə davam edə bilər?

- Düşünürəm ki, Rusiyanın daxili elitasında ciddi xaos yaranacaq. Rus xalqının ayağa qalxması mümkündür. Çünki xalq müharibə ağrısını artıq hiss etməyə başlayıb. Bu baxımdan Putin əleyhinə etirazlar artacaq. Ukrayna hakimiyyəti bu vəziyyətdən istifadə edərsə, ukraynalı hərbçilərin cəbhədə intensiv rollar əldə etməsi mümkündür. 

Gülşən Şərif