Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyev seçicilərlə səyyar görüş keçirib.

İqtisadiyyat.az xəbər verir ki, səyyar görüş Abşeron rayonunun Masazır qəsəbəsində baş tutub.

R.Nəbiyev səyyar görüş çərçivəsində "Yeni Bakı Yaşayış Kompleksi"nin sakinləri ilə görüşüb.

Deputatlığa namizəd görüş zamanı seçicilərini seçki platforması ilə tanış edib.

O, hədəf götürdüyü məsələlər barədə sakinləri məlumatlandırıb. 

Deputatlığa namizəd söyləyib ki, Abşeronda insanların ekoloji baxımdan sağlam mühitdə yaşamasının təmin edilməsi, ətraf mühit dəyərləri barədə maarifləndirmə işlərinin davam etdirilməsi, eləcə də rayonun inkişafına xidmət edən layihələrin həyata keçirilməsinə qanunvericilik çərçivəsində dəstək verilməsi onun üçün prioritet məsələlərdəndir.

R.Nəbiyev eyni zamanda, seçicilərinin müraciətlərini və təkliflərini dinləyib.

Səyyar görüş çərçivəsində həmçinin vətəndaşları maraqlandıran aktual məsələlər müzakirə olunub.

Deputatlığa namizəd bir daha diqqətə çatdırıb ki, seçicilərinin etimadını qazanacağı təqdirdə onları narahat edən məsələlərin həlli üçün çalışacaq.